Azadsöz.az xəbər verir ki, 14 mart 2024-cü il tarixində Rəsul Rzanın Ev-Muzeyində “21 mart Dünya Poeziya Günü” ilə əlaqədar Yazarlar klubunun üzvləri ilə dəyirmi masa təşkil edilib. Rəsul Rzanın Ev-Muzeyinin direktoru Solmaz Həsənova klubun üzvlərini salamlayaraq bildirib ki, bu əlamətdar günün qeyd olunmasında məqsəd milli, regional və beynəlxalq poetik hərəkata yeni impuls verməkdir. Dünya Poeziya Günü UNESCO tərəfindən 1999-cu ildə təsis edilib. Azərbaycanda isə bu gün 2007-ci ildən etibarən qeyd olunur. Azərbaycanda poeziyanın ilk nümunələri şifahi xalq ədəbiyyatı nümunələri olan bayatılar, holavarlar, sayaçı sözləri və digər mövsüm-mərasim nəğmələridir. Azərbaycanın Nizami, Füzuli, Nəsimi, Vaqif, Sabir, Vurğun və digər klassik şairlərinin poeziyası hafizələrdə, ürəklərdə yaşayaraq insanları sevməyə, gələcəyə, həyata səsləyir. Xalqımız öz qüdrətli sənətkarlarının xatirəsini daim uca tutur, onların poeziyasını qoruyaraq nəsildən-nəslə ötürür.
Yazarlar Klubunun sədri, AYB-nin üzvü, şair Adil Məmməd vurğulayıb ki, poeziya ən qədim zamanlardan başlayaraq insanın mənəvi ehtiyacına çevrilib, onun arzu və istəklərini, duyğu və düşüncələrini, sevinc və kədərini poetik, özünəməxsus şəkildə biruzə verib. Dünyanın bir sıra mədəni xalqlarının ədəbiyyatı kimi bəşəriyyətin söz xəzinəsini zənginləşdirən Azərbaycan poeziyası da xalqımızın tarixi qədər qədim, mənəviyyatı qədər zəngindir. Azərbaycan şairləri bütövlükdə yaxın və orta şərq, eləcə də dünya ədəbiyyatının inkişafına güclü təsir göstərib, özünəməxsus poeziya məktəbi yaradıblar. Məhz Azərbaycanı dünyaya Nizami, Füzuli, Nəsimi, M.P.Vaqif, M.Ə.Sabir, Abbas Səhhət, Seyid Əzim Şirvani və onlarla digər dahi şairləri bəxş edib. XX-XXI əsrdə bu ənənələri M.Müşviq, M.Araz, S.Vurğun, B.Vahabzadə, Rəsul Rza, Əli Kərim, Süleyman Rüstəm və digərləri ilə davam etdirilib.
Daha sonra AYB-nin üzvü, tanınmış şair Ətraf Sərraf, AYB-nin üzvü, şair-publisist Aqil Kəngərli, klubun fəal üzvlərindən şair Şəmsiyyə Qaramanlı, şair-tərcüməçi Kəbirə Alayqızı son dövrdə qələmə aldıqları yazılarını oxuyublar. Təqdim olunan yazıların müzakirəsi canlı, maraqlı və obyektivliyi ilə yadda qalıb.
Gülşən Muradova
Səbuhi Eltonlu