Azadsöz.az xəbər verir ki, Özbəkistan Respublikasının vətəndaşları 1989-cu il təvəllüdlü Şodiyev Şaxboz Komil oğlu və 1997-ci il təvəllüdlü Satımboev Şaxboz Akmalxon oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Baş Prokurorluqdan verilən məlumata görə, Özbəkistanda dələduzluq, mənimsəmə və ya israf etmə, rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə əməllərinin törədilməsində təqsirləndirilən Ş.K.Şodiyev, dələduzluq, pasport və ya digər mühüm şəxsi sənədlərin qanunsuz əldə edilməsi əməllərinin törədilməsində isə təqsirləndirlən Ş.A.Satımboev beynəlxalq axtarışa verilib. Qeyd olunan şəxslər 2023-cü ildə Azərbaycanda müəyyən edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilərək, onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə sorğu edən ölkənin səlahiyyətli orqanlarına təhvil veriliblər.