Azadsöz.az xəbər verir ki, 1979-cu il təvəllüdlü Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.
Bu sərəncamadək o, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini olub.
Qeyd edək ki, F.Əhmədov ixtisasca hüquqşünasdır. Belə ki, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili alıb. 2002–2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, “British Chevening” təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr dərəcəsi alıb. 2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olmuş, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi alıb.
Əmək fəaliyyətinə 2000-ci ildə “Ədalət” hüquq şirkətində hüquqşünas kimi başlamış və 2004-cü ilə kimi burada fəaliyyət göstərib.
2004–2006-cı illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Beynəlxalq Hüquq şöbəsində böyük məsləhətçi, 2006–2007-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.
2007–2008-ci illərdə “LegCon Group” hüquq şirkətində baş hüquqşünas kimi fəaliyyətini davam etdirmiş, 2014-cü ildə “BM Morrison Partners” hüquq şirkətində Məhkəmə təcrübəsinin rəhbəri vəzifəsində işləyib.
2015–2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017–2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsini tutub.
12 mart 2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri, 24 may 2022-ci ildə isə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin olunub.