22 Noyabr 2024 21:51

Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib

Məlum olduğu kimi Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də Türkiyəyə rəsmi səfər edib.

Səfər çərçivəsində prezident İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək və geniş tərkibdə görüşləri keçirilib.

Fevralın 19-da isə Ankarada Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. Birgə mətbuat konfransında səsləndirilən fikirlər xüsusi məqamlarla yadda qalıb.

Azərbaycanın türk dövlətləri və bu coğrafiyanın lideri olan Türkiyə ilə münasibətlərinə yeni dönəmin çağırışları fonunda daha mükəmməl qarşılıqlı baxışların formalaşması iki qardaş ölkə arasındakı sarsılmaz əlaqələrin və əməkdaşlığın daha möhkəm tellərlə bağlılığı üçün ideoloji təməl rolunu oynayır. Cənab prezident andiçmə mərasimində bu konteksdə məqama xüsusi toxunaraq bəyan etdi ki, bizim ailəmiz Türk dünyasıdır. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox! Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Biz buna ancaq birlikdə nail ola bilərik.

Bu baxımdan prezident seçkilərindən sonra cənab İlham Əliyevin ilk rəsmi səfər üçün ənənəvi olaraq məhz qardaş Türkiyəni seçməsi təbiidir, bu, bir ənənədir. Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik. Bu gün bu siyasət təkcə bölgə üçün deyil, eyni zamanda Avrasiya üçün böyük önəm daşıyır. Türkiyə bu gün dünya miqyasında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Dövlət başçımızın qeyd etdiyi kimi Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir.

Azərbaycan-Türkiyə qardaşlığa söykənmiş əlaqələri, müttəfiqliyi, xüsusəndə hərbi müttəfiqliyi, bütövlükdə, Avrasiya məkanında sülh və təhlükəsizlik üçün son dərəcə müstəsna təminatıdır. Bu mənada başlıca məqamlardan biri 44 günlük Vətən müharibəsi ilə bağlıdır. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarından Türkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Qardaşlığın mühüm sınağı olan bu savaş hər iki dövlətin mətanət, iradə və dözümünün birgə təzahürünə, nəsillərə miras qalacaq nümunəsinə çevrildi. İkinci Qarabağ müharibəsi dönəmində qardaş ölkənin, onun hökumətinin və xalqının, ümumən Türkiyənin qətiyyətli mövqeyinin təntənəsi kimi yaddaşlara yazıldı.

Cənab prezident qardaş Türkiyənin dəstəyini xüsusi qiymətləndirərək qeyd etdi ki, bu qardaşlıq dəstəyini Azərbaycan xalqı heç vaxt unutmayacaq. Dövlət başçımız eyni zamanda bildirdi ki, İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.

Prezident İlham Əliyev birgə həyata keçirdiyimiz layihələrin əhəmiyyətindən bəhs edərək qeyd etdi ki: “Nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. Ticarət dövriyyəmiz sürətlə artır və rekord həddə çatıb. Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 7,5 milyard dollara çatıb. Vaxtilə biz qarşıya müştərək hədəflər qoyduk və indi bu hədəflərə doğru gedirik.”

Eyni zamanda əməkdaşlığımızın önəmli istiqamətlərindən biri olan hərbi sahədə müttəfiqliyimizdən bəhs edərək dövlət başçımız bildirdi ki: “Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq.”

Həmçinin cənab prezident müdafiə sənayesi sahəsində yeni imkanlar açıldığını, birgə istehsalla əlaqədar konkret planlar mövcud olduğunu bildirdi və qeyd etdi ki, bu planlar gerçəkləşdikdə ictimaiyyət də bundan xəbərdar olacaqdır.

Səfər çərçivəsində imzalanmış sənədlər sırasında “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”nun əhəmiyyətindən bəhs edən prezident İlham Əliyev bildirdi ki: “Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.”

Beləliklə prezident İlham Əliyevin dövlət başçısı seçildikdən sonra Türkiyəyə səfəri qarşılıqlı əməkdaşlığımızda yeni səhifə açmış oldu. Qardaşlığın əsl nümunəsini bütün dünyaya bir daha nümayiş etdirən liderlər iki ölkə arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişafında birgə addım atdıqlarını aydın şəkildə bəyan etdilər.

Azadsöz.az

Ankara escort İstanbul Travesti Shemale İstanbul