Azadsöz.az xəbər verir ki, dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi dəyişib.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
Qanuna əsasən, “Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edəcəklər:
– müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – 36,5 yaş;
– müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar – 48 yaş;
Qüvvədə olan qanuna əsasən, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər:
– müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – 37 yaş;
– müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar – 45 yaş.
Qeyd edək ki, bu qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.