Azadsöz.az xəbər verir ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Samux rayonu ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırmalar zamanı məlum olub ki, Quba rayon sakini Azad Rəsulov Samux rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb.
Həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilən zaman əlindəki çantadan ümumi çəkisi 11 kiloqrama yaxın olan marixuana, heroin və metamfetamin kimi müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülüb. Qeyd edək ki, Şöbə əməkdaşlarının cari ilin müvafiq dövrü ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 18 fakt üzrə 13 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.