Azadsöz.az xəbər verir ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafı çoxmərkəzli inkişaf strategiyasına əsaslanacaq.
Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, çoxmərkəzli inkişaf strategiyası iki əsas məqsədə nail olmağı hədəfləyir:
– Mərkəzi Bakının yüklənmədən azad olunması;
– şəhərətrafı ərazilərin cəlbediciliyinin artırılması və gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, mənzil fondunun müasirləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi.
Baş plan çərçivəsində mərkəzlər üç kateqoriyaya bölünmüşdür:
– Əsas şəhər mərkəzi (Mərkəzi Bakı) paytaxt Bakı üçün spesifik və ixtisaslaşmış şəhər xidmətlərinin təmin edildiyi və yüksək səviyyəli mədəniyyət obyektlərinin yerləşdiyi iqtisadi və inzibati mərkəz kimi fəaliyyət göstərəcəkdir;
– Regional Mərkəzlər Mərkəzi Bakının regional analoqları rolunu oynayaraq öz təsir dairəsinə daxil olan ərazilərdə yüksək səviyyəli şəhər xidmətlərinin göstərilməsini təmin edəcəkdir. Regional mərkəzlərin mövcud/planlaşdırılan nəqliyyat infrastrukturu vasitəsilə Mərkəzi Bakı ilə əlaqəsi təmin edilir. Bu mərkəzlərin şəhərin genişlənməsi və ya əhali artımı üçün kifayət qədər ərazi imkanlarına malik olması nəzərdə tutulur;
– Alt-mərkəzlər Mərkəzi Bakının hüdudlarında yerləşən strateji əhəmiyyətli mərkəzlər olaraq periferiyanın müxtəlif istiqamətlərindən şəhər mərkəzinə doğru giriş qapıları rolunu oynayacaqdır. Bu ərazilər və əsas şəhər mərkəzi arasında əlaqə effektiv ictimai nəqliyyat sistemi və magistral yollar vasitəsilə təmin ediləcəkdir.
Çoxmərkəzli inkişaf konsepsiyası müəyyən olunmuş mərkəzlərin “eynitipli inkişaf etdirilməsi” məqsədi daşımır. Əksinə, konsepsiyaya əsasən, mərkəzlərin şəhər xüsusiyyətlərinin qorunması, lakin eyni zamanda həmin mərkəzlərin nəzərdə tutulan əhatə dairəsi daxilində mənzil fondu və sosial xidmətlərlə təminat səviyyəsinin yaxşılaşdırılması və bununla öz tələbatlarını yerli səviyyədə ödəyə bilən ərazinin formalaşdırılması nəzərdə tutulur.
Əsas Şəhər Mərkəzi (Mərkəzi Bakı) Bakı şəhərinin altı inzibati rayonunu (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Nizami, Xətai) və Qaraçuxur qəsəbəsinin ərazisini əhatə edir. Mərkəzi Bakının əhatə dairəsinə gələcək metro şəbəkəsinin əhatə edəcəyi ərazi və əsas inkişaf əraziləri daxildir. Qaraçuxur qəsəbəsinin Mərkəzi Bakıya daxil edilməsinin səbəbi onun çox hissəsinin şəhərdaxili ərazilərə xas tikinti sıxlığına sahib olması və qəsəbə ərazisinin metro sistemi ilə əlaqələndirilməsi ilə bağlı perspektiv planların olmasıdır. Həmçinin, qəsəbə topoqrafik məhdudiyyətlərə görə şərq və cənub hissəyə bölündüyü üçün Mərkəzi Bakı ilə funksional əlaqələr üstünlük təşkil edir.
Şəhər ərazisində iki regional mərkəzin yaradılması nəzərdə tutulur:
Mərdəkan – Bakının şərqində yerləşən qəsəbə özünün kənd tipli məntəqə xarakterini qoruyub saxlayacaq. Fərdi evlər olan orta sıxlıqlı ərazilərdəki boş torpaq sahələri nöqtəvi inkişaf konsepsiyası əsasında inkişaf etdiriləcək;
Ələt – Bakının cənub hissəsində Azad İqtisadi Zona ətrafında yaranacaq yüksək sıxlıqlı yaşayış ərazilərindən ibarət yeni iqtisadi mərkəz olacaq.
Şəhər ərazisində 4 alt-mərkəzin yaradılması planlaşdırılır:
Zığ və Hövsan – Bakının şərqində şəhər qapısı rolu oynayan, orta sıxlıqlı yaşayış məhəllələri, sahilyanı yaşayış məntəqələri və istirahət məkanlarının birgə inkişaf etdiriləcəyi ərazi kimi nəzərdə tutulur. Hazırda iki yaşayış məntəqəsindən heç biri mərkəz kimi çıxış etmək potensialına malik deyil, lakin iki sahilyanı qəsəbənin birgə inkişafı olduqca perspektivli görünür;
Sabunçu – çoxfunksiyalı (qarışıq-istifadə təyinatlı) yaşayış ərazilərindən ibarət hava limanı şəhəri kimi nəzərdə tutulur. Sabunçu güclü ictimai nəqliyyat əlaqəsinə və əhatə dairəsi hazırda 0,38 milyon nəfər olan xidmət şəbəkəsinə sahibdir;
Binəqədi – şimal qapısı rolunu oynayan, orta sıxlıqlı yaşayış ərazilərindən ibarət mərkəz kimi inkişaf etdiriləcək. Binəqədi alt-mərkəzi şəhərin şimalında Böyükşor gölünün bərpa planı çərçivəsində yaradılan istirahət imkanlarından istifadə etmək imkanı əldə edəcək;
Lökbatan – şəhərin qərb qapısı rolunu oynayan, şərq hissə boyu yaşıl zolağın bir hissəsini təşkil edən logistika (son təyinat mərkəzinə çatdırılma) və istehsal mərkəzi kimi inkişaf etdiriləcək.