19 May 2024 17:12

953 hərbçi mənzil növbəsinə qəbul edildi

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Fərmana əsasən, Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunması nəzərdə tutulur.

Komissiyanın sədri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi istiqamətində fərmanla qoyulan vəzifələrin icrası olaraq Azərbaycan Ordusunun minlərlə hərbi qulluqçusu dövlətin bu mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunublar.

Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında 953 nəfər hərbi qulluqçu mənzil növbəsinə qəbul edilib. Komissiyanın iclasında qəbul edilən digər qərar ilə hazırda mənzil növbəsində olan 473 nəfər hərbi qulluqçu Bakı şəhərində və Abşeron rayonunda tam təmirli mənzillərlə təmin olunacaq.

Bu günə qədər dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 3646 nəfər hərbi qulluqçu və 26 şəhid olmuş hərbi qulluqçunun ailəsi mənzillərlə təmin olunub. Komissiya tərəfindən Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxılır və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçular mənzil növbəsinə əlavə edilir.