Azadsöz.az xəbər verir ki, bu gün “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.
“Unikal” xəbər verir ki, qanun layihəsində bir sıra dəyişikliklərlə yanaşı, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur.
Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur. Belə ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövrə görə qulluq əlavəsi faizinin də 50 faizdən 65 faizə qaldırılması təklif edilir.
Dəyişikliyə əsasən, pensiya hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular, hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçuların hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən ediləcək.
Qanun layihəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.