Azadsöz.az xəbər verir ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən, dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.
Təhvilvermə prosesində hər hansı insident baş verməyib.
*****
15:46
Azadsöz.az xəbər verir ki, dekabrın 13-də Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində hərbi əsirlərin mübadiləsi prosesi baş tutacaq.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Razılaşmaya görə Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə iki azərbaycanlı əsgəri – Hüseyn Axundov və Aqşin Bəbirovu təhvil verəcək.
Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan bildirib ki, qaytarılacaq olan 32 əsirdən daha çox erməni Bakıda həbsdədir: “Onların da qaytarılması üçün çalışacağıq”.
Sosial şəbəkələrin Azərbaycan seqmentində mübadilə prosesinin artıq başlanması barədə fotolar dərc olunub.