Azadsöz.az xəbər verir ki, torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Abdulcəmil Xəqani oğlu Bilalovun üçüncü ildönümü Göyçay rayonunun Ləkçıplaq kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, Azadsöz.az xəbər saytının və AzadSözAz televiziyasının kollektivi, şəhid ailələri, dindarlar, ağsaqqallar, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edənlər şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyiblər.Bildiriblər ki, 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsi kimi xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin 44 gün ərzində göstərdiyi misilsiz şücaət və qəhrəmanlıq, xüsusilə də Şuşanın əfsanəvi azadedilmə əməliyyatı dünyanın diqqətini ölkəmizə yönəltdi. Azərbaycan Ordusunun əsgər və zabitlərinin, hərbçilərimizin, igid Vətən övladlarının 44 günlük İkinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıqlar, hər gün döyüş meydanından aldığımız Qələbə xəbərləri sayəsində bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bir daha gördü.
Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Abdulcəmil Xəqani oğlu Bilalov 1997-ci il yanvarın 9-da Göyçay rayonunun Ləkçıplaq kəndində anadan olub.2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib.Noyabrın 1-də Ağdərə istiqamətində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Abdulcəmil Bilalov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev