Azadsöz.az xəbər verir ki, 8 noyabr tarixində Göyçay Dövlət Peşə Liseyində “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş bayram tədbiri keçirilib.Tədbirdə Liseyin direktoru vəzifəsini icra edən Günel Əhmədova, müəllim və tələbə kollektivi iştirak edib.
Liseyin kollektivi ilk öncə Göyçay Şəhidlər Xiyabanına gələrək ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizi ziyarət edib və məzarları üzərinə gül dəstələri düzüblər.
Daha sonra tədbir Liseyin akt zalında davam edib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Liseyin direktoru vəzifəsini icra edən Günel Əhmədova mərasimi giriş sözü ilə açaraq, 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə və “8 noyabr – Zəfər günü” münasibətilə təbrik edib. Otuz il həsrətində olduğumuz torpaqlarımızı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz tərəfindən erməni işğalından azad edilərək ərazi bütövlüyümüzün bərpa edildiyini diqqətə çatdırıb.Bu gün azad olunmuş torpaqlarda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri bütün dünyaya dövlətimizin qüdrətinin, xalqımızın əyilməz iradəsinin olduğunu bildirib.
Daha sonra şəhid Kənan Ömərlinin anası Məhluqə Ömərova və digərləri çıxış edərək birliyimizin və milli iradəmizin rəmzi kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi həkk olunmuş “8 Noyabr – Zəfər Günü” münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. Qeyd ediblər ki, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli və müdrik rəhbərliyi, rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yenilməz gücü sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub.
Sonra tədbir lisey tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib.