8 Noyabr  – ‘’Zəfər Günü’’……… Qələbə Hünəri! 

-
Estimated read time 6 min read

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu qələbə tarixdə əbədi qalacaqdır. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, qanı-canı bahasına qazanılan bu müharibə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Bu şərəfli tarix əbədi yaşayacaq.

Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi olan şanlı Vətən müharibəsi tarixi torpaqlarımızın əbədi olaraq yağı düşmən caynağından xilas edilməsi ilə nəticələndi. Azərbaycan dövləti 44 gün ərzində bütün dünyaya səs salaraq öz gücünü nümayiş etdirdi. Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, rəşadət nümunəsi göstərdi. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə eyni zamanda milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən bu şərəfli tarix müasir tariximizin ən parlaq səhifəsinə çevrilməklə yanaşı, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqının əzm və iradəsi dövlətimizin iqtisadi, siyasi, hərbi gücü, müasir ordu quruculuğu, xalqımızın yenilməz birliyi Qələbəmizi təmin edən başlıca faktor oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı şanlı qəhrəmanlıq salnaməsi yaradaraq özünün qalib, yenilməz xalq olduğunu bütün dünyaya sübut etdi. 30 il ərzində icra edilməyən BMT qətnamələrini, beynəlxalq hüququn prinsiplərini Azərbaycan ordusu cəmi 44 gün ərzində yerinə yetirdi. Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan etdiyi “Biz torpaqlarımızı öz gücümüzlə azad edəcəyik” mesajını qətiyyətlə həyata keçirdi. Azərbaycan tarixinin şərəfli səhifəsi olan 44 günlük savaş eyni zamanda Vətən uğrunda canından keçməyə hazır olan qəhrəman oğullarımızın fədakarlığı və rəşadəti ilə çağdaş tariximizə qızıl hərflərlə yazıldı.

İşğaldan azad edilmiş Füzuli şəhərindən düşmənin bağrını yaran nitqi ilə Ali Baş Komandan böyük qürur hissi ilə bəyan etdi: “Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərb yolla bunu mümkün edəcəyik. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal olunmuş torpaqlarımızdan qovmuşuq, ikinci erməni dövlətinin yaranmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Çünki artıq vahid Azərbaycan dövləti var”.

Təbii ki, tarixi zəfərimiz sayəsində hər bir qarış torpağımızın azad edilməsi bu gün böyük iftixar və qürur hissi ilə xatırladığımız anlardır. Cənab prezidentin qeyd etdiyi kimi hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq hamımız yaxşı bilirik ki, doğma Qarabağımızın döyünən ürəyi Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağımızdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir.

Zəfər savaşının zirvə nöqtəsi olan Şuşa əməliyyatı dünya hərb tarixində xüsusi yer tutan möhtəşəm bir savaş oldu. Şuşanın azadlıq müjdəsini verən Müzəffər Ali Baş Komandan İlham Əliyev eyni zamanda Ümummilli lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirmiş oldu. 30 illik həsrətdən, niskildən sonra Qarabağın tutqun üzü açıldı, başındakı duman-çən dağıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz müqəddəs torpaqlarımızdan mənfur düşməni əbədi olaraq qovdu. Bütün elimizə, obamıza qələbə ərmağan etdi. Yurdundan didərgin düşən soydaşlarımızın Vətən yarasına məlhəm çəkdi, yurda qayıdış ümidlərini dirçəltdi. Qalib sərkərdəmiz işğaldan azad edilən vətən torpaqlarına müzəffər bir lider kimi qədəm qoydu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədi ilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edildi.

Cənab prezidentin qeyd etdiyi kimi, bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.

 

Azadsöz.az

 

Bəyənin