Azadsöz.az xəbər verir ki, bu gün Qarabağda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Şuşa, Laçın modul tipli xəstəxanaları, Zəngilan rayonunun Ağalı kəndində, Hadrut qəsəbəsində və Cəbrayıl şəhərində Ailə Sağlamlıq mərkəzləri tibbi xidmət təminatını həyata keçirir.
Bu barədə sorğusuya cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, Füzuli şəhərinə köçürülən sakinlər Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən 24 saat ərzində tibbi xidmətlə təmin olunurlar.
“Hazırda 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasında ambulator xidmət bölmələrinin yaradılması nəzərdə tutulub. Stasionar xidmət bölməsindəki qəbul mərkəzində 40 çarpayılıq terapiya, o cümlədən kardiologiya və nevrologiya şöbələri fəaliyyət göstərəcək. Xəstəxanada, həmçinin cərrahiyyə, travmatologiya-ortopediya, LOR, əməliyyat bloku, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya və hemodializ şöbələri yaradılacaq. Ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq”, – deyə əlavə edilib.