Azadsöz.az xəbər verir ki, Azərbaycanda gələn il ipoteka üçün dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna 100 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bunun 87,7 milyon manatı əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün, 12,3 milyon manatı isə sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi üçün ayrılacaq.
Məsələ ilə bağlı açıqlamasında əmlak məslələri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ölkəmizdə əmlak bazarında kreditlə mənzil alanlar üstünlük təşkil edir.
O qeyd edib ki, mənzil krediti dedikdə, tək İpoteka Fondunun ayırdığı vəsait deyil, tikinti şirkətlərinin daxili kreditləri də nəzərdə tutulur.
“İpoteka Fondu tərəfindən mənzil almaq üçün ayrılan kreditlər insanlarımızın ev problemini həll etməkdə müsbət rol oynayır. Lakin burada güzəştli kreditlər üçün maksimal limit 4%-lik 100 min manat, adi 8%-lik kreditlər üçün 150 min manatdır. Amma hazırda əmlak bazarında qiymətlər çox bahalaşıb. Ayrılan 100 min manatlıq kreditlə, əvvəlki illərdə olduğu kimi, bir neçə otaqlı mənzil almaq olmur. Buna görə də ayrılan limit artırılsa, yaxşı olar. Belə ki, beş il qabaq ikiotaqlı mənzili 100 min manata almaq olurdusa, indi mümkün deyil. Göründüyü kimi, ayrılan vəsaitlə vətəndaşlar ən yaxşı halda mərkəzə nisbətən yaxın yerdə birotaqlı mənzil ala bilir”.
Ekspert qeyd edib ki, ümumi götürdükdə İpoteka Fondunun ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən, güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırması daşınmaz əmlak bazarında canlanma yaradır.
“Bu, bir çox insanın evsizlik problemini həll edir. Təkcə ötən il 65 mindən artıq mənzil ipoteka və digər kredit şərtləri ilə satılıb”, – deyə o qeyd edib.
Xatırladaq ki, ipoteka kreditləri hər ilin əvvəlində ayrılır.
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 47 min 356 ipoteka krediti verilib.
Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 833 milyon 541 min 141 manatdır.