Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin səyyar formada qida təhlükəsizliyi qeydiyyatına alınmasına start verib.
Qurumdan verilən məlumata görə, AQTA-nın əməkdaşları tərəfindən xüsusi təchiz edilmiş texniki vasitələrlə səyyar formada Bakı şəhərinin inzibati ərazi vahidlərində yerləşən və qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin yerində qeydiyyata alınması və təsdiqi prosesi aparılır.
Bildirilib ki, proses xüsusi planşetlərlə yerindəcə müvafiq sistem üzərindən həyata keçirilir və qısa zaman ərzində başa çatdırılır:
“Eyni zamanda, sahibkarlar qida təhlükəsizliyi qeydiyyatına alınma ilə bağlı qanunvericiliyin tələbləri barədə məlumatlandırılırlar”.
Qeyd edilib ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida zəncirinin bütün mərhələləri üzrə fəaliyyət göstərən sahibkarlar qeydiyyatdan keçməlidirlər. Qida subyektlərinin qeydiyyatdan keçmədən fəaliyyəti qanunvericiliklə qadağandır.
Bildirilib ki, Agentlik tərəfindən qida təhlükəsizliyi qeydiyyatına dair müraciətlərin qəbulu prosesi elektronlaşdırılıb. Elektron sistem vasitəsilə qida təhlükəsizliyi qeydiyyatından keçmək istəyən sahibkarlar AQTA-nın rəsmi internet saytına daxil olaraq, onlayn qeydiyyat üçün müraciət edə bilərlər. Qeydiyyat üçün dövlət rüsumu tələb olunmur.