Azadsöz.az xəbər verir ki, bu gün prezident İlham Əliyevin yürütdüyü mükəmməl xarici siyasətin nəticəsi olaraq Azərbaycan regionda sabitliyin qarantı olmaqla yanaşı, həm də bölgənin iqtisadi yüksəlişin təminatçısına çevrilib. Azərbaycanın hazırki geopolitik durumu dövlətimizin regional liderliyini beynəlxalq arenada ən yüksək həddə çatdırıb. Son antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsi ilə Cənubi Qafqazada yaranmış yeni siyasi şərait ölkəmizin mövqelərini daha da möhkəmləndirib.
Çağdaş dünya siyasətinin xarizmatik liderlərindən olan prezident İlham Əliyevin siyasi kursu təkcə Azərbaycan üçün deyil, bütün region ölkələri üçün sülh, təhlükəsizlik, inkişaf və rifah gətirmək məramı daşıyır. Bu gün Cənubi Qafqazın tərəqqi yolunu Azərbaycan cızır və işğalçılıq higgəsindən əl çəkməyən Ermənistan isə uğursuzluq zolağında çabalamaqda davam edir.
Bu baxımdan cənab prezidentin cari ilin 8 oktyabr tarixində Gürcüstana səfəri bütövlükdə Cənubi Qafqazın inkişafı üçün mühüm hadisələrlə yadda qaldı.
Bugünkü Cənubi Qafqaz üçün yeni siyasi şəraitdə prezident İlham Əliyevin Gürcüstana səfəri xüsusi əhəmiyyət kəsb edirdi. Təbii ki, bu sıradan bir səfər deyil, hazırki həssas məqamda regionun gələcəyi üçün böyük əhəmiyyət kəsb edən taleyüklü qərarların qəbul ediləcəyi bir tarixi görüş idi. Keçirilən görüşlər, verilən bəyanatlar bir daha onu göstərdi ki, İkinci Qarabağ müharibəsində işğalçı Ermənistan üzərində qələbə qazanan Azərbaycan Cənubi Qafqazın iqtisadi lokomotivinə çevrilir. Bu prosesdə isə Gürcüstanın Azərbaycanla birlikdə olması hər iki xalqa yüksək inkişaf və rifah vəd edir.
İki ölkə arasında münasibətlərdən danışarkən, ilk növbədə qarşılıqlı səfərlərə diqqət yetirmək zəruridir. Qeyd etmək yerinə düşər ki, son səfər prezident İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir. Bundan əvvəl ötən ilin oktyabrın 24-də dövlət başçımızın Gürcüstana işgüzar səfəri olmuş, eyni zamanda bu ilin aprelin 7-də Gürcüstanın Baş Naziri Qaribaşvili ölkəmizə işgüzar səfər etmişdir. Hər iki səfər ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfələr vermişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Gürcüstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri dərin ənənələrə əsaslanır. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də məhz bu təməl üzərində qurulmuşdur. Azərbaycan-Gürcüstan münasibətləri daima yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.
Ümummilli lider Heydər Əliyevin və prezident Eduard Şevardnadzenin dostluq münasibətləri isə bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.
Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili hazırki dövrdə iki ölkənin bu qədər yaxın olmasında prezident İlham Əliyevin töhfəsini yüksək qiymətləndirərək münasibətlərimizi belə xarekterizə edib: “Bizim ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslanır”.
Prezident İlham Əliyevin bölgədə eyni zamanda dünya siyasi arenadakı nüfuzu bu əlaqələrin inkişafında müstəsna əhəmiyyət kəsb edib. Ölkə başçısının çıxışı zamanı qeyd etdiyi kimi Azərbaycanla dost Gürcüstanın birgə həyata keçirdiyi layihələr bu gün bir çox sahələrin inkişafına təkan verir. Azərbaycanın Gürcüstanın Qara dəniz sahilindəki Kuleve limanının genişləndirilməsinə toxunan prezident İlham Əliyev bunun əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini qeyd etdi və eyni zamanda regionun iqtisadi durumunun inkişafı üçün böyük əhəmiyyət daşıdığını bildirdi. Bundan başqa dövlətimizin başçısı Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırıldığını bildirərək, bunun yaxın gələcəkdə Orta Dəhlizin güclənməsinə xidmət göstərəcəyini qeyd etdi.
Prezident İlham Əliyev çıxışı əsnasında eyni zamanda regionun təhlükəsizliyindən danışaraq, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olmasından bəhs etdi, eyni zamanda Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzrə fəal çalışmağın vacibliyinə toxundu. Dövlətimzin başçısı əminliklə qeyd etdi ki, sülhə nail olduğumuz təqdirdə, Cənubi Qafqazda tamamilə yeni siyasi vəziyyət yaranacaq. Şübhəsiz ki, sülh sazişinin imzalanması regionun daha güclü inkişafına nəfəs verəcəkdir.
Dost xalqlar və dövlətlərlə sülhə sonsuz sədaqətini əməli fəaliyyəti ilə sübut edən prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən söhbət açaraq bir neçə ölkə və bir sıra nüfuzlu beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan arasında davamlı sülhün əldə olunmasına dəstəklərini ifadə etdiklərini bildirdi və eyni zamanda belə ölkələrdən birinin dost və qonşu ölkə Gürcüstan olduğunu vurğuladı.
Göründüyü kimi, Azərbaycan bütün platformalarda, diplomatik masalarda sülhü təşfiq edir, bölgənin inkişafına çalışır, regionu sabitlik adası kimi görmək istəyir. Prezident İlham Əliyevin birgə mətbuat konfransında səsləndirdiyi fikirlər deyilənlərin bir daha sübutudur. Reallıq isə onu göstərir ki, inkişafa gedən yol Azərbaycandan keçir. Ermənistan üçün hələ də gec deyil.