Azadsöz.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsi paytaxt sakinləri və sürücülərə müraciət edib.
İdarədən bildirilib ki, 2-6 oktyabr 2023-cü il tarixdə paytaxt Bakı dünyanın ən mötəbər tədbirlərindən biri hesab olunan 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək.
İdarənin baş insprektoru polis mayoru Araz Əsgərli tədbirin Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində keçiriləcəyini beynəlxalq tədbirdə iştirak edəcək yerli və xarici qonaqların əsas hərəkət marşrutlarının isə paytaxtın mərkəzi küçə və prospektlərini əhatə etdiyini bildirib.
“Beynəlxalq əhəmiyyətli tədbirin yüksək səviyyədə, təhlükəsiz şəraitdə həyata keçirilməsi üçün bütün hərəkət iştirakçılarından, xüsusən də sürücülərdən mərkəz istiqamətinə səfərlərini əsasən ictimai nəqliyyata üstünlük verərək icra etməyi, bu müddət ərzində şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik. Sözügedən ərazilərə daxil olan çoxsaylı ziyarətçilərin axınının fasiləsiz və yüksək təhlükəsizlik şəraitində idarə olunması məqsədilə paytaxtın Xocalı prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Həsənoğlu və Təbriz küçələrində nəqliyyatın hərəkətini yükləməməyi və alternativ yollardan istifadə etmələrini xahiş edirik’’, – o vurğulayıb.