Azadsöz.az xəbər verir ki, bu gün 2022-ci ilin sentyabr döyüşlərində düşmən təxribatının qarşısını alan zaman şəhid olan Elnur Məhərrəmovun ildönümüdür.
Elnur Nərbala oğlu Məhərrəmov 18 may 2001-ci ildə Göyçay rayonunun Şəkər kəndində anadan olub. 2007-2018-ci illərdə Göyçay rayon Şəkər kənd tam orta məktəbində orta təhsil alıbdır. 2018-ci ildə Azərbaycan Universitetinin “Biznes və iqtisadiyyat” fakültəsinə daxil olmuşdur. Ali təhsil aldığı müddətdə restoranlarda çalışmışdır. Subay idi.
Elnur Məhərrəmov 2021-ci ildə maddi səbəblərdən ötrü təhsilini dondurmağa qərar vermişdir.Həmin il Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, “N” saylı hərbi hissələrdən birində müddətli hərbi xidmət etmişdir.
2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə sıravi əsgər kimi iştirak edən Elnur Məhərrəmov 15 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
Nəşi yaşadığı evə gətirilərək doğulduğu Göyçay rayonunun Şəkər kəndində dəfn edilmişdir. Dəfn mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, Elnur Məhərrəmovun ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Qeyd edək ki, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.
https://youtu.be/xRwkvPxOdWs