02 May 2024 04:24

Fərqliliyimiz Uğurumuzdur

Göyçay rayonunun Qaraxıdır kəndində səyyar qəbul keçirilib-FOTOLAR

Azadsöz.az xəbər verir ki,  18 avqustda Göyçay rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyevin növbəti səyyar qəbulu qrafikə uyğun olaraq   Şəkər  kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin Qaraxıdır kəndində keçirilib. RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Səyyar  qəbuldan  əvvəl  Birinci və İkinci Qarabağ müharibəsində torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarları kənd qəbirstanlığında ziyarət  olunub.

Daha  sonra  keçirilən  qəbuldan  öncə qanı  ilə  tarix  yazaraq  şəhidlik  zirvəsinə  ucalan  hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev qəbulda  çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində şəhidlərimizin, qazilərimizin,veteranlarımızın keçdiyi şərəfli döyüş yolundan, Qaraxıdır kəndinin eləcə də rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən  görülən və həmçinin görüləcək işlərdən danışıb. Ölkə başçısının tapşırıqlarına əsasən əhali ilə mütamadi olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərə daha yaxın olmaq, onları narahat edən məsələləri öyrənmək və həlli istiqamətində işləri həyata keçirmək lazım olduğunu vurğulayıb.

Görüşdə  kənd sakinləri  internet, istifadə müddətini  başa  vurmuş transformatorun və elektrik dirəklərinin   yenisi  ilə  əvəz  olunması,  qaz təchizatı,  torpaq, zəbt olunmuş örüş otlaq sahələrində baş vermiş qanun pozuntularının qarşısının alınması, kənddə  yerləşən mədəniyyət  klubuna  İkinci Qarabağ müharibəsində şəhid  olan Əzizov Şəmistan İlyas oğlunun  adının  verilməsi  ilə  bağlı  rəy və təkliflərini veriblər.


Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərilib, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidyyəti üzrə müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.


Səyyar qəbuldan məmnun qalan sakinlər onlara yaradılan belə şəraitə, insanların problemlərinin həlli istiqamətində həyata keçirilən işlərə görə Prezident İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.