Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun Qaraman kəndində 44 günlük Vətən müharibəsi zamanı Şəhidlik zirvəsinə ucalan Xəyal Zeynəddin oğlu Həsənovun adına ad günü münasibəti ilə inşa edilən xatirə bulağının açılış mərasimi keçirilib.
Qeyd olunan bulağın açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə başda olmaqla, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, ağsaqqallar, gənclər, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.
Əvvəlcə rayon rəhbərliyi şəhidin məzarını ziyarət edərək üzərinə gül-çiçək dəstələri düzmüş, xatirəsini etiramla yad etmişlər.Daha sonra Dövlət bayraqları ilə bəzədilmiş xatirə bulağının açılışında şəhidin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan söz açılaraq, ölkəmizin o cümlədən rayonun Vətən müharibəsi iştirakçılarının igidliklərindən danışılıbdır.
Rayon İcra Hakimiyyəti başçısı çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qısa müddətdə Vətən müharibəsində qazandığı tarixi qələbədən söz açıbdır.
Qeyd edək ki, şəhid Xəyal Həsənov 2020-ci il oktyabrın 14-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olubdur.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Xəyal Həsənov ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilibdir.
Tədbirin sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Tədbir karantin qaydalarına uyğun olaraq keçirilibdir.