20 Sentyabr 2024 20:36

Mehriban qonşuluq qarşılıqlı uğurun əsasıdır – Azərbaycanın xarici siyasətinin prioritetləri

Azadsöz.az xəbər verir ki, bu gün sürətlə dəyişən geosiyasi şəraitdə regional əməkdaşlıq formatlarının rolu ciddi şəkildə artıb – və A zərbaycan bu baxımdan müstəsna uğurun nadir nümunələrindən biridir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət və qonşularla qarşılıqlı əlaqələrin gücləndirilməsini qarşıya qoyduğu prioritet sayəsində Azərbaycan Cənubi Qafqazın sabitliyinin və inkişafında mühüm rol oynayır. Qonşu dövlətlərlə münasibətlərin harmonik inkişafına çalışan Azərbaycan bərabərlik və qarşılıqlı hörmət əsasında qarşılıqlı faydalı əməkdaşlığa diqqət yetirir. Gürcüstan, Türkiyə, Rusiya və İran Azərbaycanın ən sıx əlaqələr saxladığı, iqtisadi, siyasi və mədəni əlaqələri gücləndirdiyi ölkələrdir.

Belə əməkdaşlığa misal olaraq, Bakı ilə Tbilisi arasındakı münasibətləri göstərmək olar. Gürcüstan və Azərbaycan tarixən möhkəm iqtisadi və enerji əlaqələri ilə bağlıdır, bunun simvolu isə Bakı-Tbilisi Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləridir. Böyük həcmdə enerji ixracının keçdiyi bu nəqliyyat arteriyaları ölkəmizi Avropanın enerji təhlükəsizliyinin mühüm elementinə çevirmişdir. Azərbaycandan qazın Gürcüstan və Türkiyədən keçməklə Avropaya daşındığı “Cənub Qaz Dəhlizi” layihəsi isə Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət prioritetinin uğurunun təcəssümü oldu: Azərbaycanın Gürcüstan və Türkiyə ilə davamlı əməkdaşlığı bu gün bütün Avropa üçün mühüm rol oynayan layihənin həyata keçirilməsi üçün əsas şərtlərdən birinə çevrilir.

Türkiyəyə gəlincə isə, dünyada iki ölkə arasındakı münasibətlərin “Bir millət, iki dövlət” ifadəsi ilə səciyyələndiyi başqa bir nümunə yoxdur. Ümummilli Lider Heydər Əliyevin dediyi bu sözlər bizim tarixi, mədəni, siyasi əlaqələrimizin dərinliyini vurğulayır.

Bakı və Ankara arasında iqtisadi əməkdaşlıq geniş sektorları əhatə edir: enerjidən müdafiəyə, ticarətdən maliyyə sektoruna və bir çox digər sahələri. Məsələn, Azərbaycanın neft şirkəti SOCAR Türkiyənin enerji sektorunda mühüm rol oynayır və 2018-ci ildə tikintisi başa çatan Petkim neft-kimya kompleksi və STAR neft emalı zavodu da daxil olmaqla böyük aktivlərə sahibdir. Bu layihələr Türkiyənin enerji təhlükəsizliyini təmin edir və hər iki ölkədə iqtisadi artıma töhfə verir. Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsinin məntiqi nəticəsi Prezident İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsi oldu. Bu sənəd ikitərəfli əməkdaşlığın onilliklərə yekun vurmaqla yanaşı, həm də Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək uzun illər üçün prioritetlərini müəyyən edib.

Azərbaycan üçün digər ənənəvi əhəmiyyətli tərəfdaş təbii ki, Rusiya Federasiyasıdır. 2022-ci ildə iki ölkənin Prezidentləri İlham Əliyev və Vladimir Putin Azərbaycan-Rusiya əməkdaşlığının bugünkü sürətli inkişafının əsasını təşkil edən ən mühüm sənəd olan Müttəfiq Əməkdaşlıq haqqında Bəyannaməni imzaladılar.

Son illər ölkələr enerji və nəqliyyat sahələrində əməkdaşlığı gücləndirir. Məsələn, Rusiya şirkətləri Azərbaycanın neft və qaz yataqlarının işlənməsində, eləcə də enerji nəqli infrastrukturunun modernləşdirilməsində fəal iştirak edirlər.

Birgə layihələrə həmçinin, qaz infrastrukturunun modernləşdirilməsi və enerji obyektlərinin tikintisi daxildir. Rusiya həm də Azərbaycanın qış ehtiyacları üçün enerji təchizatının etibarlılığını və sabitliyini təmin edən əsas qaz tədarükçüsüdür.

2023-cü ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi bir il ərzində 17,5% artaraq 4,4 milyard ABŞ dollarına yaxın olub. Heyrətamiz dinamika! Ötən il Rusiya Federasiyası ilə ticarət əməliyyatlarının payı ölkəmizin ümumi xarici ticarət dövriyyəsinin 8,52 faizini təşkil edib.

Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsulları, o cümlədən meyvə, tərəvəz və pambıq ixrac edir. Rusiya da öz növbəsində Azərbaycana sənaye malları, maşın və avadanlıqlar, eləcə də ərzaq məhsulları tədarük edir.

Bakı ilə Moskva arasında əməkdaşlıq çox geniş sahələri əhatə edir. Əsas istiqamətlərdən biri nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolu və avtomobil nəqliyyatının inkişafıdır. Ölkələr kənd təsərrüfatının və qida sənayesinin inkişafına töhfə verən aqrar-sənaye kompleksi sahəsində də əməkdaşlıq edir.

2020-ci ildə Azərbaycanın Qarabağ bölgəsində müharibə zonasında atəşkəs əldə olunmasında Rusiyanın da mühüm rolu olub. “2020-ci ilin noyabrında üçtərəfli Bəyannamənin imzalanmasından sonra Rusiyanın səyləri, o cümlədən sülhməramlı qüvvələrin regionda yerləşdirilməsi vəziyyətin sabitləşməsinə öz töhfəsini verib – Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb.

Bu gün Azərbaycan-Rusiya əməkdaşlığının əsas perspektivli istiqamətlərindən biri Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizidir ki, bu da Azərbaycan, Rusiya və İran ərazisi ilə Hindistan və Avropa arasında yüklərin çatdırılması vaxtını azaltmağa imkan verir.

Yeri gəlmişkən, İran və Azərbaycan da ikitərəfli formatda qarşılıqlı əlaqələri gücləndirirlər. Bəzi çətinliklərə və problemlərə baxmayaraq, Bakı və Tehran böhrandan çıxmağa və ikitərəfli münasibətlərdə yeni dinamik səhifəyə başlamağa nail oldular. İki ölkə elektrik enerjisi mübadiləsi, tranzit nəqli, su ehtiyatları və bir çox digər sahələrdə əməkdaşlıq edir.

Azərbaycan ardıcıl olaraq regional problemlərin üçüncü qüvvələrin müdaxiləsi olmadan region dövlətləri tərəfindən həllinin tərəfdarıdır. Bu yanaşma əlavə münaqişələrin və gərginliyin qarşısını alır, sülh və sabitliyi təşviq edir. İlk növbədə qonşularla əməkdaşlıq – regionda əməkdaşlığa hazır olan bütün ölkələr üçün Prezident İlham Əliyevin inkişafın açarına çevrilmiş xarici siyasətinin ən mühüm istiqamətlərindən biridir. Bakı burada bütün Cənubi Qafqaz və bütün tərəfdaşlarımızın uğur qazanmasının təməlini görür.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com