Azadsöz.az xəbər verir ki, bu gün Azərbaycanın UEFA-nın Konfrans Liqası yarışındakı sonuncu iştirakçısı müəyyənləşə bilər.
Sonuncu vəsiqə uğrunda iki komanda mübarizə aparır. Bunlar “Qəbələ” və “Zirə”dir. Hər iki komanda mövsümdə son oyununu bu gün keçirəcək. “Zirə” səfərdə “Sumqayıt”la, “Qəbələ” isə öz meydanında “Kəpəz”lə qarşılaşacaq.
“Zirə”yə gəlincə, onların şansı az da olsa qalmaqdadır. Bunun üçün komanda son turda mütləq qələbə qazanmalı, “Qəbələ” isə məğlub olmalıdır. Bu halda “Zirə” mövsümü 4-cü yerdə tamamlayacaq və kubokun finalının nəticəsini gözləyəcək. Final “Neftçi” “Qəbələ”yə qalib gələcəyi halda Konfrans Liqasına “Zirə” qatılacaq. Mövcud qaydalara əsasən, KL-ə vəsiqə alan 3-cü yerin sahibi (indiki halda “Neftçi”) kuboku da qazanırsa, 4-cü yeri tutan komanda avrokuboka qatılır.
Xatırdalaq ki, Azərbaycan artıq 3 klub Avropa kubokuna vəsiqəni təmin edib. Bunlar “Qarabağ” (Çempionlar Liqası), “Sabah” və “Neftçi”dir (Konfrans Liqası).
Qeyd edək ki, “Sumqayıt” – “Zirə” və “Qəbələ” – “Kəpəz” görüşləri bu gün saat 17:30-da başlanacaq.