Azadsöz.az xəbər verir ki, 27 aprel 2023-cü il tarixdə Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Göyçay rayonunda fəaliyyət göstərən kiçik sahibkarlarla “Heydər Əliyev və sahibkarlıq” mövzusunda görüş keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Görüşdə Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Göyçay KOB Dostu mərkəzinin direktoru Rahim Məmmədov və rayonda fəaliyyət göstərən kiçik sahibkarlar iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Milli Məclisin deputatı Məzahir Əfəndiyev çıxış edərək bildirib ki, Azərbaycanda ötən illərdə qeydə alınan sürətli iqtisadi inkişafda neft sektorunun rolu aparıcı olsa da son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır. Rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən son illərdə ölkədə qeyri-neft sektorunda əməli artım olub.
Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü iqtisadiyyat qurmağa nail olub. Böyük siyasətçi enerji sahəsi çərçivəsində milli iqtisadiyyatımızın inkişafına güclü stimul vermişdi. Azərbaycanda bazar iqtisadiyyatının əsas prinsiplərinin müəyyən edilərək dövlət səviyyəsində hərtərəfli inkişaf etdirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz milli iqtisadiyyatımızın şaxələndirilməsində sahibkarlıq subyektlərinin mühüm rolunu dəfələrlə qeyd etmiş, onların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edən islahatlar həyata keçirmişdir.
Digər çıxış edənlər də Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətindən, Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, o cümlədən bazar iqtisadiyyatının və sahibkarlığın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açdılar.
Görüş müxtəlif mövzuları əhatə edən müzakirələrlə davam edib.