Azadsöz.az xəbər verir ki, 27 aprel 2023-cü il tarixdə Göyçay Rayon Mərkəzi Xəstəxanasında Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Göyçay Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Yaşar Əhmədov görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini, onun keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu qeyd edib.
Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edərək qeyd etdi ki, Zərifə xanım Əliyeva gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim olmaqla yanaşı Ulu Öndərin ən yaxın silahdaşı, ölkə prezidenti İlham Əliyevi Azərbaycana bəxş edən anadır. Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca gözlərimiz önündə onun portreti yaranır.
Sonra Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Sahib Şükürov, Rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov, Göyçay Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin psixoloqu Dilarə Bayramova, oftalmoloq həkimi Sevinc Abdullayeva Zərifə xanım Əliyevanın Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırması, elmi-pedaqoji fəaliyyəti, çox şaxəli elmi-tədqiqat işləri, yüksək ixtisaslı gənc alim kadrları yetişdirməsi, xalqının tərəqqisi və maariflənməsinə əvəzsiz töhfələr verməsi və zəngin mənəviyyata sahib olmasından söz açdılar, xalqımızın qəlbində əbədi yaşayacağı, daim dərin ehtiram və rəğbətlə anılacağını qeyd ediblər.
Sonda akademik Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətindən bəhs edən qısa videoçarx nümayiş olunub.