Azadsöz.az xəbər verir ki, 26 aprel 2023-cü il tarixdə Göyçayda Çernobıl qəzasının 37-ci ildönümünə həsr olunmuş “Çernobıl-tarixin ən dəhşətli texniki fəlakəti” mövzusunda tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Ümummili lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzüblər.
Rayon icra hakimiyyətinin inzibati binasında davam edən tədbirdə Çernobıl qəzasının qurbanı olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilibdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev qeyd etdi ki, 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdi. Bu qəza bəşəriyyət tarixindəki ən böyük texnogen fəlakət idi. Qəza zamanı atom stansiyasının dördüncü reaktoru, yanaraq tamamilə məhv olmuşdur. Çernobıl qəzası, Avropa qitəsinin böyük bir hissəsinə və həmin ərazilərdə yaşayan həddindən çox insana zərər vurmuş bir fəlakət idi.
Sonra Azərbaycan Respublikası Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin rayon şöbəsinin sədri Şahnəzər Səlimov, Çernobıl qəzası əlili Mehman Eminov, Rayon Ağsaqqallar şurasının sədri Xəlil Orucov və digərləri bildirdilər ki, SSRİ-nin 600 min insanı cəlb etdiyi, rəsmi rəqəmlərə görə hadisə zamanı 4-7 min, sonrakı dövrdə minlərlə insanın öldüyü, on minlərlə insanın radiasiyaya məruz qalıb əlil olduğu bu dəhşətli faciənin miqyası çox böyükdür. Bu hadisə dünyanın ən ağır nüvə faciəsi hesab olunur. 1993-cü ildə Ulu Öndər hakimiyyətə gəldikdən sonra Azərbaycanda “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul olundu. Bu qanun Çernobıl hadisələrində iştirak etmiş vətəndaşların sosial müdafiəsini, müalicəsini və digər hüquqları tanıyır. Hazırda ölkəmizdə beş min nəfərdən bir qədər çox Çernobıl əlili var, rayonumuzda isə qəzada iştirak etmiş 64 nəfər Çernobıl qəzası iştirakçısının ailəsi yaşayır.
Sonda Çernobıl qəzası iştirakçılarını narahat edən problemlər dinlənildi və onların həlli üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.