Azadsöz.az xəbər verir ki, 6 aprel 2023-cü il tarixdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında vətəndaşlarla növbəti səyyar qəbul keçirdi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Rayon rəhbəri çıxış edərək Alpout kəndinin eləcə də rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, görülən və həmçinin görüləcək işlərdən danışıb. Ölkə başçısının tapşırıqlarına əsasən əhali ilə mütamadi olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərə daha yaxın olmaq, onları narahat edən məsələləri öyrənmək və həlli istiqamətində işləri həyata keçirmək lazım olduğunu vurğulayıb.
Daha sonra Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aqşin Cəfərov çıxış edərək kənd haqqında icra başçısına, görüş iştirakçılarına ətraflı məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir neçəsi yerində həllini tapıb, araşdırılmasına ehtiyac olan digər məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.