Azadsöz.az xəbər verir ki, Göyçay rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət, qayğı ilə yanaşılır, rayon icra hakimiyyəti həmin ailələrin problemləri ilə mütəmadi maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirir.
Göyçay rayonunun Bəydövül kəndində yaşayan 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Mütalib Ələsgər oğlu Xudiyevin anası Teymurova Həbibə Namaz qızı yeni fərdi yaşayış evinin tikilməsi üçün Göyçay rayon İcra Hakimiyyətinə etdiyi müraciət nəzarətə götürülmüşdür.Şəhidimizin ailə üzvləri üçün 5 otaqdan ibarət evin tikilərək ailənin ixtiyarına verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, şəhid Xudiyev Mütalib Ələsgər oğlu 3 mart 1993-cü il tarixdə Göyçay rayonunun Bəydövülü kəndində anadan olub. Mütalib Xudiyev orta təhsilini başa vurduqdan sonra 2011-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra mülki işlərdə çalışıb.27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılıb.
Könüllü olaraq Vətən müharibəsində iştirak edən Mütalib Xudiyev Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 11 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirərkən şəhid olub.Doğulduğu Bəydövül kənd qəbirstanlığında torpağa tapşırılıb.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Mütalib Xudiyev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” , “Cəsur döyüşçü” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.