Azadsöz.az xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Göyçay şəhər sakini Polkovnik Babək Səmidlinin bu gün ikinci ildönümüdür.Polkovnik, Azərbaycan Silahlı Qüvvələrinin Ordu Korpusunun Komandir müavini – Qərargah rəisi, Vətən müharibəsinin şəhidi Babək Mətləb oğlu Səmidli 7 yanvar 1974-cü ildə Göyçay rayonunda anadan olub.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər, Cəbrayıl və Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Babək Səmidli 1-ci Ordu Korpusunun Əməliyyat bölməsinin rəisi idi. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunmuşdu. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu.
Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycanın qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Polkovnik və 1-ci Ordu Korpusunun Komandir müavini olan Babək Səmidli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrundan gedən döyüşlərdə iştirak edib. Onun rəhbərliyi altında Suqovuşan qısa müddət ərzində işğaldan azad edilib. Şəhid Babək Səmidliyə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.
2020-ci il noyabrın 23-də Babək Səmidli Suqovuşan ərazisində minaya düşər və şəhid olub. O, Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya tərəfinin sülhməramlıları və Ermənistan tərəfinin rəsmilərində ibarət qrupun üzvü idi. Qrupun məqsədi döyüş meydanında qalan meyidlərin çıxarılması idi. Mina partlaması nəticəsində həmçinin 4 erməni rəsmisi və 1 rus sülhməramlısı da yaralandı. Babək Səmidli noyabrın 24-də Göyçay Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Polkovnik Babək Səmidli ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalı və “Zəfər” ordeni ilə təltif olunub.
https://youtu.be/phcUrcPjH7U