Azadsöz.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Maarif Həsənovun ikinci ildönümüdür.Maarif Rahim oğlu Həsənov 1999-cu il` noyabrın 19-da Göyçay rayonunda anadan olub.
Yeddi ay əvvəl həqiqi hərbi xidmətdən qayıdan Maarif Həsənov 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə yollanıb. Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib.12 oktyabr 2020-ci ildə öz komandiri ilə şiddətli döyüşdən geri dönərkən gözlənilmədən 7 nəfər erməni əsgəri ilə qarşılaşan Maarif özünü itirmir və əlindəki qumbara ilə 4 ermənini məhv edir. Sağ qalan 3 ermənidən biri Maarifə atəş açır və o, şəhid olur. Maarifin komandiri isə qalan 3 ermənini öldürür, özü isə ağır yaralanır. Maarif Həsənov 17 noyabr 2020-ci ildə Göyçay şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Maarif Həsənov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Qeyd edək ki, Göyçayda küçələrdən birinə şəhid Maarif Həsənovun adı verilib.Bununla yanaşı adına xatirə bulağı tikilib.