Azadsöz.az xəbər verir ki,Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Məlikkənd kənd sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Hüseynov Xəyyam Hüseyn oğlunun ildönümü məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak edirdilər.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev şəhidin ildönümündə çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrət qaldığımız torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan xalqı tarixə şanlı hərflərlə Qələbə sözünü yazdı.
Həmçinin tədbirdə şəhid Xəyyam Hüseynovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.
Xatırladaq ki, şəhid Xəyyam Hüseynov 11 iyul 1996-cı il tarixdə Göyçay rayonunun Məlikkənd kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş, 28 sentyabr 2020-ci il tarixdə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.