Azadsöz.az xəbər verir ki, sentyabrın 27-də rayonun Ləkçıplaq kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Əhmədov Zamiq Çingiz oğlunun məzarı ziyarət olunmuş və şəhidlərin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu.
Əvvəlcə tədbir iştirakçıları Ləkçıplaq kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edərək üzərinə gül-çiçək dəstələri düzmüş, onun həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş kənd sakinlərinin əziz xatirəsini etiramla yad etdilər.
Sonra tədbir iştirakçıları və şəhid valideyinləri kənddə inşa edilmiş bulaq kompleksinin açılışında iştirak edərək önünə gül-çiçək dəstələri düzüblər.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev Vətən müharibəsinin 44 günü ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini diqqətə çatdırdı.
Mərasimdə çıxış edənlər Vətən müharibəsində xalqımızın sarsılmaz birliyi ilə Müzəffər Azərbaycan Ordusunun rəşadəti hesabına möhtəşəm qələbə əldə edildiyini qeyd etdilər. Hərbi əməliyyatlarda Göyçay rayonundan olan qəhrəman oğullarımızın da nümayiş etdirdikləri misilsiz rəşadətin hamımızı qürurlandırdığını, onların həyat yolunu, qəhrəmanlıq nümunələrini öyrənmək və təbliğ etmək hamımızın borcu olduğunu vurğuladılar.
Bulaq kompleksinin açılışında Ləkçıplaq kənd tam orta məktəbin şagirdləri şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirdilər.
Sonda şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.
Xatırladaq ki, şəhid Zamiq Əhmədov 27 sentyabr 2020-ci il tarixdə Ağdam istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.