Azadsöz.az xəbər verir ki, 2022/2023-cü tədris ili üçün 1 nömrəli Bakı Tibb Kollecinin “Müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün Azərbaycan bölməsi üzrə 20 plan yeri ayrılıb.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər aşağıda göstərilən sənədləri 2022-ci il avqustun 22-dən 26-dək (saat 17:00-dək) Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) və ya DİM-in regional bölmələrinə təqdim etməlidirlər:
– Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış;
-Yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086);
– “Abituriyentin elektron ərizəsi”.
Müsabiqədə qəbul (cari ilin məzunları buraxılış) imtahanından topladığı ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.
Qeyd: Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul ilə bir yerdə aparılacaq.