Azadsöz.az xəbər verir ki, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Paşa Həkim oğlu Salmanovun ad günü Çərəcə kəndində şəhidin məzarı önündə qeyd olundu.
Bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin sədri Eldəniz Rüstəmov, şəhid ailələri, məktəblilər, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.
Mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev şəhidin ailəsinə baş sağlığı verərək şəhid Paşa Salmanovun keçdiyi qısa və mənalı həyat yolundan söz açıb.Bildirib ki, Azərbaycan Ordusu Vətən müharibəsində qarşıya qoyulmuş vəzifənin öhdəsindən məharətlə gələrək Azərbaycan xalqının 30 illik Qarabağ niskilinə son qoydu. Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırdığı mifi ilk gündən dağıdaraq, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdiyini diqqətə çatdırıb.Şəhidlərimizin xatirələrini əbədiləşdirmək üçün adlarını küçələrə, məktəblərə verilməsi və bulaqların tikilməsi şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan xəbər verdiyini vurğulayıb.
Daha sonra mərasimdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin sədri Eldəniz Rüstəmov və digərləri çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlanan və şanlı Qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin əbədi qəlbimizdə yaşayacağını, dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunacağını bildiriblər.Xalqımızın 30 illik yurd, torpaq həsrətinə 44 gündə son qoymaq heç də asanlıqla başa gəlmədiyini, Ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan tarixi Qələbədə Azərbaycanın hansı mərhələlərdən keçdiyini bildiriblər.
Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Tədbir çərçivəsində Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan qəhrəman hərbçilərimizin məzarları ziyarət olunaraq üzərilərinə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.
Sonda Paşa Həkim oğlu Salmanovun adına ehsan süfrəsi verilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.