Azadsöz.az xəbər verir ki, 12 avqust 2022-ci il tarixdə Göyçay şəhərinin Nəriman Nərimanov küçəsində 44 günlük Vətən müharibəsində igidliyi ilə tarix yazan şəhid Xəyal Arif oğlu Məmmədovun xatirəsinə inşa edilmiş bulağın açılışı oldu.
Bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, məktəblilər, və şəhidin ailə üzvləri iştirak ediblər.
Tədbirdə əvvəlcə Dövlət himni səslənib, şəhidimizin adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, gül dəstələri düzülüb.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev bulağın açılış tədbirində çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti, şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi, dəmir yumruq ətrafında birləşməsi sayəsində tarixi Qələbə qazandığımızı vurğulayıb. “Bu gün bu torpağın üzərində baş dik gəziriksə, buna görə Birinci və İkinci Qarabağ müharibəsində canlarını fəda edən şəhidlərə, sağlamlığını Vətən yolunda itirən qazilərə borcluyuq”, – deyən rayon rəhbəri igid, qəhrəman oğullarımızla hər bir Azərbaycan vətəndaşının fəxr edib, qürur duyduğunu qeyd edib.
Daha sonra mərasimdə Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ədalət Dövlətov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin rəisi Famil Əliyev, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, şəhid ailələri şəhid Xəyal Məmmədovun keçdiyi qısa və mənalı həyat yolundan söz açıblar. 30 ilin nisgilinə 44 gündə son qoymaq heç də asanlıqla başa gəlmədiyini, Ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan tarixi Qələbədə Azərbaycanın hansı mərhələlərdən keçdiyini bildiriblər.
Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Tədbirin sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Xəyal Məmmədov 1989-cu il fevralın 13-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub.02 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndində dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.