Azadsöz.az xəbər verir ki, 13 may 2022-ci il tarixdən Göyçay Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Göyçay Karyera və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş mini-futbol üzrə rayon birinciliyinə 25 iyunda yekun vuruldu .
Göyçay Şəhər stadionda keçirilən bağlanış mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının kütləvi futbol departamentinin müdiri, veteran futbolçu Fərrux İsmayılov, mini-futbol üzrə milli komandamızın üzvü, Avropa çempionu Davud Kərimi və şəhid ailələri çıxış edərək 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində göyçaylı gənclərin igidliklə döyüşdüyünü, onlardan 46-nın şəhidlik zirvəsinə ucaldığını vurğulayıblar.Qanları ilə tarix yazan şəhidlərimizin hörmət və fəxarət hissi ilə yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu bildiriblər.
On səkkiz komandanın mübarizə apardığı yarışda “Azorqanik” və “Qızılağac” kənd komandaları arasında keçirilən final oyunu “Qızılağac” kənd komandasının penal mərhələsində qələbəsi ilə başa çatıb.
Daha sonra Göyçay rayon Gənclər və İdman İdarəsi tərəfindən müxtəlif nominasiyalar üzrə birincilikdə iştirak edən idmançılara diplomlar təqdim olunub.
Sonda Göyçay rayon Gənclər və İdman İdarəsi tərəfindən ıı-ci yerin sahibi “AZORQANIK” və ııı-cü yerin sahibi “Qarabaqqal” komandalarına medal və diplomlar verilib.Qalib komanda isə kubok və diplomla mükafatlandırılıb.
Qeyd edək ki, turnirdə 18 komanda olmaqla 252 idmançı iştirak edib. A və B qruplarında çıxış edən komandalar (hər qrupda 9 komanda olmaqla) 72 oyun keçirmişdir. Ümumilikdə 9 turdan ibarət qrup oyunları baş tutub.