Azadsöz.az xəbər verir ki, 17 iyun 2022-ci il tarixində rayonun Qaraxıdır kənd sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Səməd Sədiyar oğlu Abdullayevin ad günü şəhidin məzarı önündə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, kənd sakinləri , məktəblilər, şəhid ailələri və şəhidin ailə üzvləri ilə birlikdə qeyd olundu.
Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev şəhidin ailəsinə baş sağlığı verib.Bildirib ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Biz bir daha gücümüzü və birliyimizi göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini və əzmini bütün dünyaya nümayiş etdirdi.
Mərasimdə çıxış edənlər şəhidimizin keçdiyi qısa və mənalı həyat yolundan söz açıb, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildiriblər.
Daha sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Tədbirin sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Səməd Sədiyar oğlu Abdullayev 2002-ci il iyunun 17-də Göyçay rayonunun Qaraxıdır kəndində anadan olub.2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində döyüşə yollanıb.Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 2-də şəhid olub. Göyçay rayonunda dəfn olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə S. Abdullayev ölümündən sonra “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.