Azadsöz.az xəbər verir ki, Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən itkin düşəndən üç gün sonra meyiti tapılan baş leytenant Fuad Bağırova şəhid statusu verilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Qanunvericiliyə əsasən, Kəlbəcərdə həlak olan hərbi qulluqçularımıza şəhid statusu verilib”, – məlumatda qeyd edilib.
Xatırladaq ki, yanvarın 29-da 3 hərbçi yoldaşı ilə birlikdə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun olması səbəbindən ərazidə istiqaməti itirərək azıb. Aparılan axtarışlar zamanı həmin gün kiçik çavuş Hüseynov Cavid Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu sağ tapılıb, hərbi hospitala yerləşdirilib. Davam edən axtarışlar zamanı baş leytenant F.Bağırovun nəşi ötən gün tapılıb.
Qeyd edək ki, baş leytenant F.Bağırov 3 noyabr 1991-ci ildə Şirvan şəhərində doğulub. 2009-2013-cü illərdə H. Əliyev adına Ali Hərbi məktəbdə təhsil alib. Rabitəçi ixtisasına yiyələnib.
F.Bağırov ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayıb. Ailəli idi, bir oğlan və bir qız yadigarı qalıb.