Azadsöz.az xəbər verir ki, bu gün görkəmli aktyor, Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Rasim Balayevin doğum günüdür. Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1965-ci ildə Ağsuda orta məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanan aktyor “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb.
Böyük və çətin rollardan əlavə, Rasim Balayev epizodik rollarda da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı”, “Həm ziyarət, həm ticarət”, “Ağ atlı oğlan”, “Arxadan vurulan zərbə”, “Ad günü”, “Tütək səsi”, “Günaydın, mələyim”, “İstintaq”, “İşarəni dənizdən gözləyin”, “Yarasa”, “Yaramaz” kimi filmlərdə o, epizodik rol oynayıb.
“Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarda filmlərə çəkilib. 1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. Aktyor Azərbaycan SSR dövlət mükafatı (“Qanlı zəmi” filmində Səlim bəy obrazını canlandırdığı üçün) “Şöhrət” ordeni, “Şərəf” ordeni, Cəfər Cabbarlı mükafatına layiq görülüb.