Azadsöz.az xəbər verir ki, bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın doğum günüdür.
Leyla Əliyeva 3 iyul 1985-ci ildə dünyaya gəlib.1989-2000-ci illərdə Bakı şəhərində 160 saylı tam orta məktəbdə təhsil alıb. 2000-ci ildə orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub.2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistratura pilləsində təhsil alıb.10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2011-ci ildən isə Fondun vitse-prezidentidir.
Leyla Əliyeva 2007-ci il dekabrın 19-da Moskvada “Baku” jurnalını təsis edib. 2008-ci il mayın 8-dən start götürmüş “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarıdır.2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
2011-ci ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə “Key to life” fəxri mükafatına layiq görülüb.12 sentyabr 2012-ci ildə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” medalı ilə təltif olunub.IDEA-nın təsisçisi olan Leyla Əliyeva 5 aprel 2013-cü ildə “Ekoloji mühitin qorunmasına görə” xüsusi beynəlxalq şərəf mükafatı ilə də mükafatlandırılıb.
Qeyd edək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində onlarla həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.Təsis edildiyi gündən Birliyin dəstəyi ilə ölkədə milyonlarla ağac əkilib. Leyla Əliyeva, həmçinin, sosial və ekoloji layihələri özündə birləşdirən “Məktəb bağları” layihəsinin təşəbbüskarıdır.Layihənin birinci aksiyası zamanı Bakı məktəblərindən birinin həyətində Leyla Əliyevanın iştirakı ilə 100 ədəd badam, gavalı və nar ağacı əkilib.
Leyla Əliyeva 2013-cü il dekabrın 20-də III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub.20 oktyabr 2015-ci ildə “Puşkin” medalı ilə təltif olunub.2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin “Xidmətlərə görə” medalına layiq görülüb.
Leyla Əliyeva həm də yaradıcı insandır. O, şeirlər yazır, rəsm çəkir. Bundan başqa, “Əli və Nino” filminin icraçı prodüseri olub, eləcə də, “Bakı, mən səni sevirəm” kinolayihəsinə rəhbərlik edib.
Məlumat üçün bildirək ki, Leyla Əliyeva iki oğul, bir qız anasıdır.