Azadsöz.az xəbər verir ki, iyunun 30-da İkinci Vətən müharibəsində şəhid olan Göyçay sakini Eyvazov Əli Seyran oğlunun ad günü dəfn olunduğu Göyçayda Şəhidlər Xiyabanında və evində keçirilib.Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, icra aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, dindarlar, yerli sakinlər və şəhidin yaxınları Şəhidlər Xiyabanında şəhidin məzarına gül dəstələri düzərək xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Rayon İcra Hakimiyyəti başçısı şəhidin ailəsinə baş sağlığı verərək, şəhidimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıq əzimkarlığından söhbət açıb.Mərasimdə çıxış edən digər şəxslər Əli Eyvazovla bağlı xatirələrini bölüşüblər.
Görüşün sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və «N» saylı hərbi hissənin rəhbərliyinə ailəsi adından təşəkkürünü bildirib.
Qeyd edək ki, Eyvazov Əli Seyran oğlu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində şücaət göstərərək, oktyabrın 14-də şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin 15.12.2020, 25.12.2020, 18.12.2020 -ci il tarixli sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.