Azadsöz.az xəbər verir ki, bu gün Azərbaycan və SSRİ-nin Xalq Artisti Hökümə Abbasəli qızı Qurbanovanın doğum günüdür. Hökümə Qurbanova 1913–cü ildə Bakıda tacir Abbasəli Qurbanov və Məlikət Maqomayevanın ailəsində dünyaya göz açıb. Məlikət xanım tanınmış bəstəkar Müslüm Maqomayevin doğma bacısı idi. Hökümə Qurbanova 1931-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirib, 1931–1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) təhsil alıb.
Aktirisalıq fəaliyyətinə 1933-cü ildə “Azərbaycanfilm” Kinostudiyasında başlayıb, C.Cabbarlının təşəbbüsü ilə “Almas” filmində Yaxşı rolunda çəkilib. Bu səssiz filmin kadrlarında gənc aktrisanın gözəl çöhrəsi, düzgün üz cizgiləri, mənalı gözləri, məsum və ürkək baxışları sənətkarın obrazı dərindən duymasından xəbər verir. Hökümə Qurbanova sonralar Azərbaycan teatr sənətinin korifey sənətkarlarından birinə çevrilib.
O, 1938-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Aktrisanın ilk rolu “Vaqif” tamaşasında gürcü qızı Tamara olub.
Rejissorların diqqətindən heç vaxt kənarda qalmayan Hökümə Qurbanova Abbas Mirzə Şərifzadə, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi görkəmli sənətkarlarla birgə işləyib. Mehdi Məmmədov aktrisa haqqında “Onun sənət ulduzu” monoqrafiyasını yazıb.
Hökümə Qurbanovanın zəngin obrazlar qalereyasına romantik faciə, realist faciə, romantik-dramatik, realist-dramatik, psixoloji-dramatik, tarixi-dramatik səpkili, lirik təmayüllü psixoloji rollar, yumoristik dramatik rolların ən kamil nümunələri daxildir. Onun yaratdığı Sona (C.Cabbarlının “1905-ci ildə” tamaşası), Xuraman (S.Vurğunun “Vaqif”), Germiona (U.Şekspirin “Qış nağılı”), Xumar (H.Cavidin “Şeyx Sənan”), Süsən (A.Şirvanzadənin “Namus”), Basantasena (Y.Osnos və B.Binnikovun “Hind gözəli”) obrazlarında lirizm, romantik vüsət güclüdür.
Görkəmli aktrisanın yaradıcılığından danışarkən onun səsini xüsusilə vurğulamaq lazımdır. Nitqinin ahəngində duyulan qəribə titrəyiş və həyəcan həmişə tamaşaçını riqqətə gətirib. Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Yaradıcılığı dövründə, demək olar ki, bütün dublyajların baş rollarını o səsləndirib. O, bu gün də ekranlardan düşməyən “Uzaq sahillərdə” filmində Anjelikanı, “Ögey ana”da Dilarəni məharətlə səsləndirib.
Milli səhnəmizin misilsiz faciə aktrisası neçə-neçə kraliça obrazı yaradıb. Onun yaradıcılıq zirvəsində 1964-cü ildə rejissor Tofiq Kazımovun quruluşunda səhnələşən “Antoni və Kleopatra” tamaşası durur. Aktrisa ehtirası, fikirləri, məhəbbəti, həyat kredosu müxtəlif müstəvilərdə çarpazlaşan Kleopatra obrazını məharətlə yaradıb. Həmin tamaşadan lentə alınmış kadra baxarkən adama elə gəlir ki, Hökümə Qurbanova məhz bu obrazı yaratmaq üçün dünyaya gəlib.
Aktrisanın 1956-cı ildə Londonda qastrolda olarkən ifası ingilis rejissorunu belə heyrətləndirib.
Hökümə Qurbanovanın “Bir ailə”, “Onu bağışlamaq olarmı?”, “Əmək və qızılgül”, “İnsan məskən salır” filmlərində çəkildiyi rollar da dolğunluğu ilə yadda qalıb.
Neçə-neçə obrazları yaddaşlara əbədilik həkk edən Hökümə Qurbanova görkəmli aktyor Ələsgər Ələkbərov, bir qədər sonra tanınmış rəssam Nüsrət Fətullayev ilə evlilik həyatını, ayrılıq anlarını da yaşamalı olub. Şəxsi həyatındakı uğursuzluqdan bədbinləşməyən aktrisa böyük bir coşqunluqla yaradıcılığını davam etdirib.
Ömrünün ahıl çağında isə sevimli qızı, görkəmli aktrisa Vəfa Fətullayevanı itirməsi onun üçün ən böyük dərd olub. Hökümə Qurbanova sevimli qızının ölümündən 1 il sonra – 1988-ci il noyabrın 2-də Bakıda vəfat edib. Aktrisa Fəxri xiyabanda dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 4 mart tarixli Sərəncamına əsasən Hökümə Qurbanovanın 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.