Azadsöz.az xəbər verir ki, bəzi kütləvi informasiya vasitələrində “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatına istinadən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (“Qaçqınkom”), Kütləvi informasiya vasitələrinə Dəstək Fondunun (KİVDF), habelə Milli Elmlər Akademiyasının struktur qurumunda yol verilmiş qanun pozuntularına dair yoxlama materiallarının aidiyyəti üzrə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilməsi barədə məlumatlar yayılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən qeyd edilənlərlə bağlı bildirilib ki, “Qaçqınkom” və KİVDF-də yol verilmiş qanun pozuntuları faktlarına dair istintaq edilən cinayət işləri üzrə Baş Prokurorluq tərəfindən ictimaiyyətə ətraflı məlumatlar verilib.
“Milli Elmlər Akademiyasının fəaliyyətinə gəldikdə isə qeyd edirik ki, aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, hazırda istintaq aparılır.
İstintaqın nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək”, – deyə Baş Prokurorluqdan bildirilib.