“Azadsöz.az” DİN-ə istinadən xəbər verir ki, Suraxanıda avtomobillərdən oğurladığı bank kartları ilə marketlərdən alış-veriş edən şəxs saxlanılıb.
Suraxanı rayonu Qaraçuxur qəsəbəsində ayrı-ayrı şəxslərə məxsus 4 avtomobilin şüşəsinin sındırılaraq nəqliyyat vasitələrinin salonlarında telefon, noutbuk, bank kartları, pul və digər qiymətli əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əmlakı qəsdən məhv etmə və oğurluqda şübhəli bilinən paytaxt sakini 1994-cü il təvəlüldlü Əli Səfərov saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb. Qeyd edək ki, saxlanılan şəxs oğurladığı bank kartlarının bir neçəsi ilə mağazalardan alış-veriş etməyə də cəhd göstərib. Onun bu hərəkətləri təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
Faktlarla bağlı Suraxanı RPİ-nin 32-Polis Bölməsində araşdırmalar davam etdirilir. Ə.Səfərovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.