Azadsöz.az xəbər verir ki, Göyçayda Şəhidlər xiyabanında 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.Tədbirdə rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, ağsaqqallar, dindarlar, qazilər və şəhidlərin ailə üzvləri iştirak ediblər.Anım mərasimində 44 günlük Vətən Müharibəsində və 1-ci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş övladların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.Şəhidlərimizin ruhuna dualar oxunub, onlara Allahdan rəhmət dilənib.
Mərasimdə rayon rəhbəri Mehdi Səlimzadə və rayon rəsmiləri çıxış edib. Çıxışlarda Azərbaycanın haqq savaşında qazandığı zəfərdən, xalqın birlik və bərabərliyindən danışılıb.Vətən Müharibəsində Azərbaycan Ordusunun peşəkarlığı, torpaqlarımızın azadlığı uğrunda şəhid olan igid oğullarımızın qəhrəmanlığı vurğulanıb.Azərbaycan xalqının böyüklüyü, əzmkarlığı diqqətə çatdırılaraq, illər keçsə də, gələcək nəsillər tarix yazan qəhrəmanlarımızı hər zaman böyük minnətdarlıqla yad edəcəkləri qeyd olunub.
Tədbirdə şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.Daha sonra Şəhidlər Xiyabanında Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilən xatirə bulağı kompleksi istifadəyə verilib.
Rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri tədbirdən sonra 2020-ci ilin sentyabr ayının 27-də müharibədə şəhid olmuş Ləkçılpaq kənd sakini Əhmədov Zamiq Çingiz oğlunun ailəsini ziyarət ediblər.